Son bir neçə il ərzində baş verən dəyişikliklər, xüsusən pandemiya dövrünün fonunda dəyişən istifadəçi davranışları məhsul dizaynerləri və şirkətlər üçün yeni fürsətlər yaratdı. Bəzi şirkətlər isə bu dövrü xüsusən yaxşı dəyərləndirərək bazara yeni həllər gətirdi. Şübhəsiz bu həllərin hər biri dəyişən həyat tərzimizə uyğun olaraq insanların ehtiyacların ödəməyə yönəlik idi. 2023 üçün isə bir sıra yeniliklər bizi gözləyir. İstifadəçi təcrübəsini daha da yaxşılaşdıran bu trendlərə gəlin birlikdə nəzər salaq.
Şifrəsiz autenfitikasiya
Ortalama bir istifadəçi ay ərzində 25 fərqli mobil tətbiqdən istifadə edir. Əgər tək bir şifrə istifadə etmirsinizsə, birdən çox şifrəniz varsa, hər bir tətbiq üçün şifrələri xatırlamaq çətin ola bilər. Çünki çox vaxt bu şifrələr fərqli simvollardan, kiçik böyük hərflərin birləşməsindən ibarət olur ki, buda şifrələrin tez-tez unudulmasına səbəb olur. Şifrənizi unutduqda isə, “Şifrəni unutdum” funksiyasından istifadə edirsiniz və bu çox yorucudur.
İstifadəçi təcrübəsi baxımından yorucu olan bu prosesi necə sürətləndirmək olar? Biometrik identifikasiya bu problemə yaxşı həllərdəndir. Barmaq iziniz və ya üz tanıma ilə daxil olma ənənəvi üsuldan olduğca sürətlidir. Üstəlik şifrəsiz autentifikasiyanın təqlid edilmə riski də çox azdır.
Son dövrlərdə bir çox mobil tətbiqlərin interfeysində qarşımıza çıxmağa başlayan bu özəllik növbəti illərdə daha da populyarlaşacaq.
Jestlərlə idarəetmə
Texniki olaraq “Air Gesture Control” olaraq adlandırılan bu mexanizm, insanların bədən jestləri və hərəkətləri vasitəsi ilə texnoloji cihazları idarə etməyə imkan verən texnologiyadır.
Bu texnologiya insanlara əlini yelləmə, çimdikləmə, ovuclarını açma, sürüşdürmə və.s müxtəlif hərəkətlərlə texnoloji cihazları idarə etməyə imkan verir. Smartfonun ön kamerasını açmaq üçün ovuc içini kameraya göstərmək buna yaxşı nümunədir.
İstifadəçi təcrübəsi baxımından bu mexanizm insanlara texnologiya ilə daha sürətli və komfortlu ünsiyyət imkanı yaradır.
Daha böyük interfeyslər
Artıq insanlar öz cihazlarında əvvəlkindən daha çox vaxt keçirdikləri üçün ekran ölçüləri kəskin şəkildə artır. Google kimi şirkətlər bu yeni tələblərə cavab vermək üçün dizayn sistemlərini uyğunlaşdırmağa və optimallaşdırmağa çoxdan başlayıb. Qatlana bilən telefonların və planşetlərin populyarlığının artması növbəti illərdə daha adaptiv və müxtəlif cihazlara uyğunlaşan istifadəçi interfeyslərinin çoxalmasına səbəb olacaq.
Bu baxımdan 2023-cü il responsiv dizaynlar üçün yeni mərhələ ola bilər.
Metaverse
Metaverse istifadəçilərin yaşadığı AR, VR və video kimi texnoloji elementlərdən istifadə edilməklə qurulmuş yeni rəqəmsal kainatdır.
Facebook (artıq Meta), Microsoft və Roblox kimi şirkətlər tərəfindən formalaşdırılan Metaverse UX baxımından tamamilə yeni dizayn prinsipləri və araşdırma nəticələri ortaya çıxaracaq.
Metaversenin əsas axının bir hissəsinə çevrilməsinə bir neçə il qalsada da, rəqəmsal və fiziki mənliklərimiz arasındakı xətlərin o vaxta qədər bulanıqlaşacağına əmin ola bilərik. AR, VR və AI-də irəliləyişlər tezliklə istifadəçi avatarlarını, 3D vizualizasiyalarını və genişləndirilmiş reallıqla əlaqəli digər xüsusiyyətləri daha əlçatan edəcək.
Beləliklə, yeni tələblərə cavab verən məhsul dizayn (product design) həlləri real təsir potensialına malik olacaq.