Ülvi Qulusoy

Graphic Design Instructor

“Yaxşı bir müəllim dizayn etməyi, dahi bir müəllim isə hər yerdə dizayn görməyi öyrədir”

Ülvi Qulusoy – Akademiyanın qrafik və veb dizayn mütəxəssisi

Yaradıcılığa olan sevgisi, fərqli düşüncə tərzi və bu sahədəki istisna bacarıqları mütəxəssisin karyerasını qrafik dizayn üzrə qurmasının başlıca səbəblərindəndir. Peşəkar dizayner 8 illik təcrübəsini isə bu müddət ərzində işlədiyi müxtəlif agentlik və şirkətlərdə toplamışdır.

Ü. Qulusoy əsasən brendinq və illustrasiya işləri ilə tanınır. Mütəxəssisin onlarla brendinq işi içində “Caspian Plaza”da hər kəsin sevimli məkanı olan “Fuzzy Coffee & Wine” və Akademiyanın partnyor şirkəti  “Marketing Masterclass” üçün hazırladığı brendinqlər xüsusi yer tutur.

Bundan əlavə, Ülvi Qulusoy zərgər dəqiqliyi tələb edən dizayn işlərinə xüsusi maraq duyur. Müəllifi olduğu “Azerbaijani Carpets” layihəsində mütəxəssis qədim Azərbaycan xalçalarını rəqəmsal dünyada yenidən “toxuyaraq” bu tip işlərə verilə biləcək ən gözəl nümunəni ərsəyə gətirmişdir.

Ülvi Qulusoyu peşəkar bir dizayn müəllimi edən sahib olduğu bilik və bacarıqlarla yanaşı, tətbiq etdiyi fərqli dərs metodu və hər bir tələbəyə fərdi formada yanaşmasıdır. “Bir dərsi ən effektiv formada tədris etməyin yolu hər bir tələbənin psixologiyasını anlamaq və metodologiyanı bunun əsasında qurmaqdır” deyə yaradıcı dizayner fikrini açıqlayır. Öyrənmə psixologiyası, natiqlik, diksiya və təqdimat kimi məsələlərdə ekspert olan Ü.Qulusoy öz deyimi ilə desək “tədris zamanı ciddiliyi əyləncədən ayıran incə xətt üzərində yeriməyi sevir.”

Uzun müddət topladığı təcrübə və biliklər sayəsində o, yüksək səviyyəli proqram biliklərini təsdiq edən Beynəlxalq Adobe Sertifikatını əldə etmişdir.

Eyni zamanda mütəxəssis Azərbaycanda bir ilk olan “Cannes” festivalının “Young Lions” müsabiqəsində ikinci yerinin sahibidir.

Ülvi Qulusoy 2019 - cu ildən bəri “Baku Design Academy”də qrafik və veb dizayn mütəxəssisi olaraq çalışır və bu müddətdə 100-dən çox tələbəsi qrafik dizayner adını alaraq öz karyeralarına başlamışdır.

Seçilmiş işləri