Nuriman Zakiroğlu

Graphic Design Instructor

“Çox effekt verəndə nəticə effekt vermir”

Nuriman Zakiroğlu – Akademiyanın qrafik və veb dizayn mütəxəssisi

Nuriman Zakiroğlu dizayn istedadını gənc yaşlarda kəşf edərək bu sahəyə illərini investisiya etmiş sayılı dizaynerlərdən biridir. Karyerasına tam ixtisaslı peşəkar dizayner kimi 2015-ci ildən başlamış və bu müddət ərzində bir çox uğurlara imza ataraq işləri ilə nəhəng auditoriyalara xitab etmişdir.

Daha əvvəl “Brandup”, “Duyme Agency” və s. Bu kimi kreativ reklam agentliklərində çalışan N. Zakiroğlu “Samsung”, “Volkswagen”, “Sumqayıt Texnologiya Parkı”, “Azərtexnolayn”, “Focus Optika" və s. kimi yerli və xarici şirkətlərin vizual kommunikasiya layihələrində birbaşa iştirak etmişdir.

Peşəkar dizayner öz yaradıcılığını daha çox brendinq və kreativ reklam posterləri üzərində əks etdirməyi sevir və qeyd edir ki, ən böyük zövqlərindən biri “problemlərə anormal dərəcədə yaradıcı həllər tapmaqdır.” Bu həllər isə hər zaman bəsit və minimalist olmalı, mesajı oxucuya birbaşa çatdırmalıdır. 

Məşhur optika brendi "Focus Optika" üçün reallaşdırmış olduğu "Focus on Life" layihəsi Azərbaycan sərhədlərini aşaraq Türkiyə, Rusiya, ABŞ, Fransa, Misir və İtaliya kimi ölkələrin müxtəlif rəqəmsal platformaların uzun müddət izləyicilərin marağına səbəb olmuşdur. Eyni layihə Fransanın 40 milyondan çox oxuma sayı olan məşhur “Creapills” və dünyaca məşhur ən yaxşı reklam nümunələrinin yer aldığı “Ads of the World” platformalarında sərgilənməkdədir. Creapills platforması bu dizayn nümunələrini “sadə, lakin effektiv reklam kampaniyasının sübutu” başlığı altında paylaşaraq “yaradıcılıq üçün böyük büdcələrə ehtiyac olmadığını” vurğulamışdır.

Posterlərə yaradıcılığında xüsusi yer verən N. Zakiroğlunun adı müəyyən aralıqlarla 3 dəfə “Poster Poster” platformasında hallanmışdır. Platformanın kuratorları peşəkar dizaynerin “Black Lives Matter", "Karabakh is Azerbaijan" və "Armenia lovin' it" adlı müxtəlif poster nümunələrini seçərək həftənin ən yaddaqalan işlərinin paylaşıldığı "Poster Monday" bölməsində nümayiş etdirmişdir.

Bundan əlavə mütəxəssisin “Viza” üçün “Contacless Payment Saves Lives” başlığı altında hazırlamış olduğu poster nümunəsi “Cannes Lions” festivalının Azərbaycanda ilk dəfə keçirilən “Young Lions” müsabiqəsində “Bronze” medala layiq görülmüşdür.

N. Zakiroğlunun tədris metodikası tələbələri davamlı inkişafa təhrik etməkdir. Dediyinə görə davamlı inkişaf limitləri aşmaqla əldə edilir və bunun ən effektiv yollarından biri tələbələrin yaradıcılığına daim çətin tapşırıqlarla meydan oxumaqdır. Mütəxəssisi tələbələrinin sevimlisi edən şey peşəkar bir dizayner olmasından əlavə yüksək pedaqogikası, aşıladığı dünyagörüşü və dizaynı həyat stilinə çevirən tədrisidir.

“Azerbaijan Design Award” müsabiqəsinin finalistlərindən olan Nuriman Zakiroğlu “Baku Design Academy” brendinin də müəllifidir. Mütəxəssisin tələbələri həm yerli, həm də Amerika, İsveçrə və Türkiyə kimi ölkələrin dizayn agentliklərindən iş təklifləri alaraq dizayn karyeralarına davam etməkdədirlər.

 

 

 

Seçilmiş işləri