Qrafik dizaynerə kömək edəcək sahələr

Ülvi Qulusoy

Qrafik Dizayn müəllimi

 

Qrafik dizayn günümüzün ayrılmaz parçalarından biridir. Gün keçdikcə bu sahəyə daha da çox ehtiyac duyulur. Ehtiyac artdıqca sahə inkişaf edir və rəqabət güclənir. Bu cür rəqabət mühitində çoxtərəfli, fərqli düşünən, daha çox biliyə mənsub olan dizaynerlərə üstünlük verilməyə başlayır. Bəs qrafik dizayner öz biliklərini artırmaq üçün bildiyimiz sahələrdən başqa hansı sahələrdə müəyyən biliyə sahib olmalıdır ki, həm daha güclü, həm də daha keyfiyyətli işlər ortaya çıxarsın?
Aşağıda b
əzi sahələrin adını çəkib, bəzi səbəblər göstərmişəm, ancaq nəzərə alın ki, siyahı hələ çox uzadıla bilər.

 

HƏNDƏSƏ

Qrafik dizaynın olmazsa olmazı, elmlərin vəziri, həyatımızın görünməz tərəflərini formalaşdıran, beynimizin vizual informasiya qəbulunda əvəzsiz rolu olan bir sahə. Ən dadlı yemək qarşımızda duzsuz olduğu halda o həzzi ala bilmiriksə, yayın isti günündə ilıq su ilə susuzluğumuzu yatıra bilmiriksə, həndəsəsiz qrafik dizayn da bizə o duyğuları yaşadar. Çünki balans və iyerarxiya biz bilmədən bizim əvəzimizə qərar verir. Həndəsi sistemdə yaratdığımız ölçülər və nisbətlər işimizi görmək istədiyimiz bir qəlibə salır. Əslində qrafik dizaynın bütün qaydalarını həndəsə ilə əlaqələndirə bilərik. Bir sözlə, əgər bu sahə ilə məşğul olursunuzsa, mütləq ilkin həndəsə biliklərinə sahib olmalısınız.

RƏSSAMLIQ

 

Qrafik dizayn rəssamlıqdan fərqlidir. Rəssamlar özü üçün, drafik dizaynerlər müştəri üçün düşünür. Bir çox yeni başlayanların problemlərindən biri rəssamlıq biliklərinin olmaması, əl qabiliyyətinin sıfır olmasıdır. Başlamağa qorxanların, tərəddüd edənlərin çəkindikləri məqam, çox zaman, bu olur. Ancaq belə bir problem sizi dayandırmamalıdır. Rəssamlıq bacarığı olmadan da başlamaq olar. Professional karyeraya başlayan birinin rəssamlıq sahəsində müəyyən anlayışının və bacarığının olması mütləqdir. Çünki perspektiv, işıq, kölgə və s. kimi biliklər karyeranızda irəlilədikcə gündəlik iş həyatınızın ayrılmaz bir parçasına çevrilir.

 

ORFOQRAFİYA

Qrafik dizaynın yazılar və şəkillər vasitəsilə informasiya ötürülməsi olduğunu artıq bilirik. Bəzən insanlar yazını arxa plana atır və daha çox şəkilə (fotoya) üstünlük verir. Ancaq yazının qrafik dizayndakı rolu əvəzedilməzdir. Burada bizim qarşımıza orfoqrafiya çıxır. Əgər bu yazını yazan qrafik dizaynerdirsə, o zaman onun doğru yazılmasında ən böyük məsuliyyətə o sahibdir. Tez-tez dizayn xətalarını lağa qoyan, onları ələ salan yazılar görürük. Bunların böyük qismi sırf orfoqrafik xətalara yol vermiş dizayn işlərinin üzərindən aparılır. Həm gülüş obyektinə çevrilməmək, həm də qeyri-professional görünməmək üçün qrafik qizayner orfoqrafiyanı bilməlidir. Səhvlər qaçınılmazdır, ancaq bizim məqsədimiz onları minimuma endirməkdir. Bizə kömək edən saytlar da əlçatandır. Qalır bizim diqqətli olmağımız.

 

FİZİKA

Fizika? Bəli, doğru oxudunuz. Təbii ki, burada qarışıq düsturlardan, bərabərsizliklərdən, zamanın və məkanın üzərində aparılan uzun və çətin hesablamalardan söhbət getmir. Rahat olun, bizə giriş səviyyədə fizika bilmək kifayət edər. Bəs bu sahənin qrafik dizayna nə aidiyyəti var? Əslində bir çox mövzu ilə bunu açıqlamaq olar. Misal üçün, bizim işimiz rənglər sıx əlaqəlidir. Rənglərin necə işlədiyini isə fizika açıqlayır. Məsələn, işığın müxtəlif dalğa uzunluqlarının müxtəlif rəngləri ortaya çıxarması, qırmızının ən çox dalğa uzunluğuna malik olduğu üçün uzaqdan da ən tez görünən  rəngin o olması, buna görə də reklamlarda tez-tez qırmızıdan istifadə olunması və s. Bunları məhz fizikadan giriş səviyyədə biliklərimiz olarsa, anlayıb, dərk edə bilərik. Bundan əlavə “RGB” və “CMYK” şkalasının işləməsi prinsipini anlamaq üçün də fizika gərəklidir.

 

TARİX

Təəccübləndiyinizi bilirəm, amma hər dəfəsində bunu qeyd etməyəcəyəm, əlaqəsiz görünən tarix belə bu sahə üçün önəmlidir. Amma burada cansıxıcı savaşlar, illərin əzbərlənməsi, analizlər nəzərdə tutulmur. Sadəcə keçmişdən günümüzə olan texnoloji yenilikləri, insanların əsrlərdir yazılardan və şəkillərdən — başqa sözlə qrafik dizayndan necə istifadə etdiklərini araşdırmaq, bilmək olduqca önəmlidir. Bu eyni zamanda bizim gələcək üçün fikir formalaşdırmağımıza kömək edir. Bu sahənin necə formalaşması, hansı yollardan keçməsini araşdırmaq ayrı bir zövq qatır.

 

BÜTÜN TƏBİƏT ELMLƏ

 

Bir-bir hamısını qeyd etməkdənsə birləşdirmək daha yaxşı olar. qrafik dizayner dünyagörüşlü olmalıdır. Onun fizika, biologiya, kimya, astronomiya və s. elmlərdən az da olsa məlumatının olması, geniş qrafik müharibədə silah və donanmasının artmasına şərait yaradır.

Yekun olaraq əgər bu sahədə çalışırsınızsa, mütləq sizin beyniniz sıravi insanlardan fərqli çalışmalıdır, siz isə öz növbənizdə daha çox dünyagörüşünə malik olmalısınız. Daima axtarışda olmaq, yeni şeylər kəşf etmək sizin ən güclü tərəflərinizdən olmalıdır.

 

 

 

WhatsApp-a yazın