Yaradıcılıq düşüncə duyğu və hadisələrin subyektiv şərhidir. Qrafik Dizayn isə fikir və ya düşüncənin vizual elementlər vasitəsilə ifadəsidir. Başqa sözlə — bir problem həllidir. Gəlin 2 nümunəyə nəzər yetirək:
Yuxarıda gördüyünüz solda yerləşən vizual belçikalı sürrealist artist René Magritte-in The Son of Man əsəridir. Bu bir yaradıcılıq nümunəsidir və nümunədə müəllif öz düşüncələrini əks etdirib. Sağ tərəfdə gördüyünüz vizualı isə demo formada olan bir qrafik dizayn nümunəsi hesab edə bilərik. Burada isə dizaynerə müəyyən bir müəssisə adından insanlara sağlamlıqlarıyla bağlı xəbərdarlıq etmək üçün bir poster hazırlanması tapşırılıb. Bəlkə də maskanı qoruyucu qalxana bənzədib, daha yaradıcı bir vizual həll ortaya qoymaq olardı. Bu səbəbdən deyə bilərik ki, fərqli yanaşmalar yaradıcı həllərə gətirib çıxarır.
Bu tip vizual həllər isə insanların diqqətini daha çox çəkir və standart qrafik dizayn nümunələrinə nisbətən daha effektiv olur.
Bir artist öz bacarıqlarıyla ilə dizayn nümunələr yarada bilər. Eyni zamanda bir dizayner öz bacarıqlarıyla yaradıcı işlər ortaya qoya bilər.
İstər yaradıcılıqla məşğul olan insanlarda, istərsə də qrafik dizaynerlərdə tərz və şəxsi brendinq çox önəmlidir.
Yuxarıda yerləşdirmiş olduğum əsəri çox güman ki, xatırlamamış olmazsınız. Bu hollandiyalı rəssam Vincent van Gogh-un The Starry Night əsərinin görüntüsüdür. Bu tərzdə hansı əsəri görsəniz, ilk olaraq Vincent van Gogh ağlınıza gələr.
Çünki, bu artıq onun tərzidir və insanlar onu, əsasən, bu cür rəsm əsərləriylə tanıyır. Eynilə dizaynerlər üçün də tərz çox önəmlidir.
Yuxarıda gördüyünüz görüntü fransız illustrator və həmçinin qrafik artist Malika Favre-nin veb səhifəsidir. O öz tərzini Pop Art ilə Op Art-ın minimalist vəhdəti olaraq açıqlayır. Eyni formada şəxsi brendinqinin bir parçası olan özünəməxsus tərzdə hazırlanmış loqosu onu digərlərindən fərqləndirir.
Statistikaya görə insanlar gördüyü şeyləri oxuduqları və eşitdiklərinə nisbətən daha çox yadda saxlayırlar. Elə məhz bu səbəbdən qrafik dizayn insanların seçim və davranışlarında böyük təsir gücünə malikdir.
İndi isə çalışacam ki, fikirlərimi öz işlərim üzərindən misallarla izah edim. Gəlin, başlayaq.
Qrafik dizaynda yaradıcılıq məlumat xarakterli ola bilər. Wimex daşıma şirkəti üçün hazırlamış olduğum bu posterdə eynilə René Magritte-in The Son of Man əsərindən ilhamlanmışdım və sonda belə bir vizual həll ərsəyə gəlmişdi.
Yaxud da bu satışa xidmət edə bilər, hansı ki, Stampel brendi üçün bu posteri hazırlayan zaman möhür və şəxsiyyət vəsiqəsini italyan rəssam Michelangelo-nun The Creation of Adam əsəri ilə birləşdirmişdim.
Yaradıcı olmaq təkcə əsərlərdən ilhamlanmaq demək deyil, bu film və ya serial da ola bilər. Buna misal olaraq Mentor Academy üçün hazırladığım poster nümunəsinə nəzər yetirə bilərsiniz.
Yaradıcılıq nə də təkcə filmlərdən ilhamlanmaq demək deyil. Bəzən araşdırma və təcrübələrinizin nəticəsində tamamilə fərqli vizual həllər də ortaya çıxa bilər. Focus Optika üçün hazırlamış olduğum bu poster nümunəsi belə işlərdəndir. Normalda bir xalqın kədərli günlərindən hər hansısa birini ifadə etmək üçün baş vermiş hadisələrdən faciəvi vizuallar istifadə etmək heç də xoş qarşılanmır. Çünki, insanlar belə vizuallara baxa bilmir. Eynilə bu tip özəl günlərdə brendin loqosunu yerləşdirmək elə də etik hesab edilmir. Bu səbəbdən eynəyi sındırıb qərənfilə bənzədərək Tarixin sınma nöqtəsi başlığı altında vizuallaşdırmağım həm daha estetik, həmçinin də sadalamış olduğum məsələlərə nəzərən daha effektiv bir vizual həll hesab edilə bilər.
Bəzən etirazımızı belə qrafik dizayn vasitəsilə yaradıcı formada bildirə bilərik.
Bir proqramın pəncərəsini belə dizaynda istifadə edərək mesajımızı ötürmək mümkündür.
Dizaynerlər yaradıcı ideyalarını konseptlər olaraq ərsəyə gətirirlər. Bu onların özü və ya hər hansı sevdiyi bir brend üçün ola bilər.
G-SHOCK brendi üçün hazırlamış olduğum concept poster və PARCHA brendi üçün concept olaraq hazırlamış olduğum e-commerce application.
İş yerini dəyişəndə belə yaradıcı olmaq mümkündür:
Dizayn proqramları sadəcə vasitədir. Heç bir proqram olmadan belə dizayn edə bilərsiniz. Focus Optika üçün hazırlamış olduğum reklam posterləri eynəklərin sökülərək müxtəlif hissələri vasitəsilə formalaşdırılmış vizuallardır. Daha sonra bu vizualların fotosu çəkilərək müxtəlif posterlər ərsəyə gətirilmişdir.Aşağıda gördüyünüz vizual həmin posterlərdəndir.
Eynilə Fransada hər il keçirilən Cannes Lions festivalı çərçivəsində təşkil edilən Young Lions müsabiqəsində Visa üçün hazırlamış olduğum bu reklam posteri də sadəcə dolların 2 parçaya bölünərək fotosunun çəkilməsindən ibarətdir:
Zarafat edirəm, burada George Washington-un gözlərini Photoshop ilə bağlamalı olmuşam :)