Bu sahəyə təzəcə addımlayan şəxslərin tez-tez düşdüyü bir yanılqı var. Adətən sektora yeni daxil olan və ixtisaslaşmaq istəyənlər bazarda istifadə edilən proqramları öyrənməklə işə başlayır. Halbuki, bu, aysberqin ancaq görünən tərəfidir.
Doğrudur, müasir texnologiyanın köməyi ilə bu sahədə çalışan mütəxəssislərin fəaliyyəti əvvəlkindən qat-qat sürətlənib. Amma real əmək bazarında maraqlı işlər ərsəyə gətirmək üçün proqram biliklərindən daha artığına ehtiyac var.
Rəssam prizmasından düşünün
Rəssamların karandaş və boyalara sahib olduğu kimi interyer & eksteryer dizaynerlərə kömək edəcək alətlər mövcuddur. Əvvəllər bunlar karandaş, tuş, karton və s. idisə, bu günlərdə interyer & eksteryer dizaynerinin köməyinə texnologiya çatır. Autocad, 3Ds max kimi həllər hal hazırda bazarda ən çox istifadə olunan proqramların siyahısındadır.
Populyar yanaşmaya görə bu proqramlardan hər hansı birini öyrənməklə siz kiçik dizayn həlləri yarada, bundan qazanc əldə edə bilərsiniz. Lakin unutmaq lazım deyil ki, bu proqramların hər biri mütəxəssislərə sadəcə öz təxəyyülünü gerçəkləşdirmək üçün müəyyən bir müstəvi təmin edir. Ambisiyalı və kreativ layihələr yaratmaq üçün mütləq işin nəzəriyyəsinə hakim olmaq və yaxşı araşdırma etmək lazımdır.
Güclü tərəflərinizi müəyyənləşdirin
Hər bir sahədə olduğu kimi İnteryer & Eksteryer sahəsində də sizin güclü tərəfləriniz gələcəyinizi formalaşdıran əsas nüanslardandır. Təhsiliniz, düşünmə tərziniz və s. sizə bu sahədə irəliləməkdə bələdçilik edəcək amillərdəndir. Niyə bu məqamlar önəmlidir?
Bu sahə incəsənətin digər qollarından fərqli olaraq texniki sahələrlə ilə sıx əlaqədədir. Odur ki, siz bu sahənin dərininə gedərkən daha çox hansı istiqamətdə ixtisaslaşmalı olduğunuzu müəyyən etməlisiniz.
Əgər sizin analitik qabiliyyətləriniz yüksəkdirsə, bu zaman texniki yönümlü layihələr ərsəyə gətirməyiniz perspektivli olacaq. Yox, əgər incəsənət qabiliyyətiniz daha yaxşıdırsa, ətrafınız bu sahənin insanları ilə çevirilidirsə, onda bu sahənin kreativ tərəfinə fokuslanmağınız daha məntiqli olar.
Yaradıcılığınızı bəsləyin
Yeni ideyalar və konseptlər heç vaxt təsadüfən yaranmır. Əksər hallarda yeni fikirlər müəyyən informasiyanın bizim zehnimizdə yaratdığı təsirin nəticəsində formalaşır. Bu sahədə də yeni konseptlər yaratmaq və kreativ işlər görmək üçün mütləq ətrafdan ilham almaq lazımdır. Bəs yaradıcılığımızı necə hərəkətə gətirək?
Yeni ideyalar qazandıracaq mənbələrə, vloglara, sənədli filmlərə baxmaq zəruridir. Yazılı məlumatlar üçün isə Google, mənzərələr üçün Google ilə Pinterest, Behance, şifahi məlumatlar üçün isə YouTube kimi saytlarda ən qabaqcıl dizaynerlərin işləri ilə tanış olub, onların hansı yollardan keçdiyinə nəzər yetirmək olar. Bu, sizə yeni ideyalar tapmaqda kömək edəcək.
Digər yandan başqa incəsənət və elmi sahələrdə yaradılan işlərə nəzər salmaqla, onları bu sahə ilə əlaqələndirib yeni üslublar yarada bilərik. Nümunə kimi qeyd etmək istərdim ki, tarixdə ilk massiv polad tikilisi heç də memar və ya interyer dizayner tərəfindən inşa olunmamışdı. Bu inqilabi yeniliyi ilk dəfə tətbiq edən adi bir bağban kimi tanınan Joseph Paxton olmuşdu. Odur ki, yeni rəsm əsərləri ilə tanış olmaq, müxtəlif kitablar oxumaq, incəsənət və elmin digər sahələri ilə maraqlanmaq bizə öz yaradıcılığımızın hələ tətbiq olunmamış kreativ ideyaların yaradılmasında faydalı olacaq.